"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 23/05/2018, 06:48
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

TƏQVİM

«  APREL 2018  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

ƏSAS SƏHİFƏ » 2018 » APREL » 18 » PREZİDENT İLHAM ƏLİYEVİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB
21:15
PREZİDENT İLHAM ƏLİYEVİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB
İCTİMAİ-SİYASİ

PREZİDENT İLHAM ƏLİYEVİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB

Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Palitranews.az”dan verilən məlumata görə, andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib. Daha sonra Prezident İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”. Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib. Prezident təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb. Prezident andiçmə mərasimində nitq söyləyib.

İCTİMAİ-SİYASİ

“Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir”

Prezident nitqində seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürünü bildirib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm”. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm.

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.

Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Prezident son 15 il ərzində Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb: “Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir”.

İCTİMAİ-SİYASİ

“Ötən 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olub”

Prezident qeyd edib ki, ötən 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olub: “Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir. Deyə bilərəm ki, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir. Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm”.

İCTİMAİ-SİYASİ

“Milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi” 

Dövlət başçısı deyib ki, antimilli qruplaşma tam marginallaşıb: “Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”. Prezident deyib ki, Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir, ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olunub.

“Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaq”

Azərbaycanın son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdığını, dünyadakı mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkə olduğunu bildirən Prezident deyib ki, biz son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bilmişik: “Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir”.

Prezident qeyd edib ki, son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərilib: “Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

Dövlət başçısı qeyd edib ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir: “Son 15 il ərzində əhalinin sayı 1,5 milyon nəfər artıb. Ancaq iş yerləri də təxminən o səviyyədə artıbdır. Mən bunu bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimizdə biz bu amili daim diqqətdə saxlayacağıq”. 

İCTİMAİ-SİYASİ

“Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq”

Bu illər ərzində Azərbaycanın intellektual məhsul ixracatçısına çevrilildiyini deyən Prezident vurğulayıb ki, “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir: “On üç “ASAN xidmət” mərkəzimiz var. Bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaqdır. “ASAN xidmət” mərkəzlərində 20 milyondan çox müraciət qeydə alındı və bu qurumu bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.

Prezident nitqində deyib ki, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər: “Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır”. 

“İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır”

Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirən Prezident deyib ki, gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək: “İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər”. Yeni texnologiyalara böyük diqqət verildiyini deyən Prezident qeyd edib ki, Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil olub. 

İCTİMAİ-SİYASİ

“Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik”

Dövlət baçısı deyib ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir: “Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Hazırda biz “Cənub Qaz Dəhlizi”nin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçmişdir. Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. “Cənub Qaz Dəhlizi”nə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü bu il istifadəyə veriləcəkdir – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP. Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub”. 

“Açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir”

Son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikildiyini, Azərbaycanın elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini, qazlaşdırmanın bu ilin sonuna qədər 95 faizə çatacağını deyəb Prezident qeyd edib ki, ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, hazırda bu rəqəm 67 faizə çatıb: “Bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri biz başa çatdıracağıq”. Prezident deyib ki, keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyətdir: “Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işləri tamamladıq. İndi biz, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Əminəm ki, qonşu ölkələrlə əməkdaşlıq edərək bu yolun çatışmayan hissəsi də yaxın gələcəkdə tikilib istifadəyə veriləcək. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir”.

“Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”

Prezident deyib ki, 2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaq: “Biz ölkəmizi dünyada tanıtdıra bilmişik. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi, humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi”. Dövlər başçısı qeyd edib ki, son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var: “Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Çıxışımın sonunda bir məsələni də qeyd etməliyəm. Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

Ali Baş Komandanın şərəfinə yaylım atəşi açılıb 

Prezident İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb. Prezident ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını da ziyarət edib. Daha sonar dövlət başçısı və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

 

Bölmə: İCTİMAİ-SİYASİ | Baxılıb: 33 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar