"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 15/11/2018, 23:04
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Xocalı

Xocalı rayonu - 26.02.1992
22/06/2017, 12:21

Azərbaycan Respublikası Xocalı rayonu

Azərbaycanın işğal olunmuş əraziləri    1992-ci il 26 fevral tarixində Xocalı şəhəri ermənistan tərəfindən işğal olunub. Xocalı Azərbaycan Respublikasında inzibati rayondur. Sahəsi 0,94 min kv. km, 1991-ci il əhalisi 24417 nəfər. Azərbaycanlılar 12194 nəfər 2004-cü illərdə, qeyriləri 12223 nəfər. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Xocalı rayonu Azərbaycan Respublikasında inzibati mərkəzi Xocalı şəhəridir. Qarabağ silsiləsində yerləşir və  Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa ilə həmsərhəddir.

    Xocalı rayonu Ağdam, Şuşa, Xankəndi, Əsgaran yollarında strateci əhəmiyyətə malik idi. Həm də Qarabağda yeganə aeroport olmuşdur.

    Rayona Xocalı şəhəri, Əsgəran qəsəbəsi, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, Ballıca, Xanbağı, Mehdibəyli, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, Badara, Xanəzək, Suncinka, Qarabulaq, Dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, Aşağı Yemişcan, Kosalar, Başkənd, Cavadlar, Yaloba, Canhəsən, Naxçıvanlı, Pircamal, Aranzəmin, Ağbulaq, Dəhraz, Təzəbinə, Sərdarkənd, Qışlaq, Xanabad, Ağgədik, Qılıçbağ, Almalı, Qarakötük, Pirlər, Fərrux, Daşbaşı, Çanaqçı, Sığnaq, Şuşakənd, Daşkənd kəndləri daxildir.

     Xocalı rayonun tarixçəsi

    Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

    Xocalı erməni silahlı dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Azərbaycan xalqının öz torpaqları uğrunda erməni işğalçılarına qarşı mübarizısində 1905, 1918-20 və 1988-1993-ci illərdə bir çox faciələr olmuşdur. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə "DQR" hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. 25 fevralın axşamında şəhərin  artillerik silahlardan güllənməsi başlandı, şəhərə ağır texnika tanklar, BTR, BMP-lər yeridildi, şəşər büsbütün alov içərisində idi. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi.

    “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. "Memorial" hüquq müdafiə mərkəzinin qənaətinə görə, MDB hərbiçilərinin münaqişə regionunda hərbi əməliyyatlarda və döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktları üzrə xüsusi araşdırmalar aparılmalıdır.

    Əsgəran şəhəri Xocalı rayonununda şəhərdir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin Pənahəli xan Qarabağlı və ya Mehrəli xan Qarabağlı, tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski köhnə, qədim və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, (Qədim Aran) mənalarını özündə daşıyır. "Alban tarixi" əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi qeyd edilmişdir.

    Xocalı qəbiristanlığı, son tunc və ilk dəmir dövrünə e.ə.VIII-VII əsrlərə aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var.

    Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. 613 şəhid, 657 Əlil və 10 Milli qəhrəman erməni işğalçıları tərəfindən öldürülmüşdür.

      Zəmin

    Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi.

    1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icarə etməyə davam etdi. Rəsmi olaraq, yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağda separatçılarla açıq olaraq hər hansı bir silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təmin olunmasıbı təkzib edirdi. Lakin, Levon Ter-Petrosyan sonra separatçılarının maaşlarının ödənilməsi və maddi-texniki təchizatı ilə təmin edilməsini etiraf etsə də, lakin döyüşə öz kişiləri göndərilməsini təkzib edirdi. Ermənistanı artıq Azərbaycan Respublikasının, zəiflədici blokada, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi qarşılayırdı. Erkən fevralda, Azərbaycan kəndləri olan Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi və onların əhalisi köçürüldü, və nəticədə ən azı 140 yaralı və 99 nəfər həlak olmuşdu.

    Ermənistanın Qarabağla yalnız quru əlaqəsi yalnız vertolyotlar ilə daxil olunan Laçın dəhlizi idi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km (4.3 mil) yerləşən təxminən əhalisi 6,000-10,000 olan Xocalı şəhər idi. Bundan əlavə, Xocalı Qrad raketlərinin artilleriya bazası kimi xidmət etmişdir: Xankəndidə ermənilərin yaşadığı multi-mərtəbəli binalara 400 Qrad raketləri atılmışdır. Fevralın sonunda, erməni qüvvələri qarşıdakı hücum barədə xəbərdarlıq etdilər və Azərbaycana Xocalıda atəşin dayandırması üçün ultimatum vermişdi.

      Xocalıya hücum

    1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.

    “Memorial” İnsan Hüquqları Mərkəzinin 25-26 fevral 1992-ci il tarixdə Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında qeyd olunur ki, hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2-4 min əhali yaşayırdı. Xocalını könüllü müdafiə qüvvələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis xüsusi təyinatlıları və Azərbaycan milli ordusunun əsgərləri qoruyurdu. Hər iki tərəfdən alınan məlumata görə şəhərdə üç ədəd zirehli texnika, həmçinin “Alazan” raket qurğusu yerləşirdi. Xocalıya hücum edən şəxslər və Dağlıq Qarabağ "rəsmiləri" Xocalıda həmçinin iki ədəd "Qrad" tipli reaktiv atəş sisteminin olduğunu söyləyirlər.

    Hücumun iştirakçıları

    Hesabatda hücumun iştirakçılarının, “Artsaxın Milli Azadlıq Ordusu (AMAO)” “Dağlıq Qarabağ Respublikası”nın Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının tabeliyində olan dəstələrdən (bölüklərdən) ibarət olması qeyd olunur. “Memorial” müşahidəçiləri Xocalıya hücum etməyə şəxsən kimin əmr verdiyi və ya əməliyyata görə kimin məsuliyyət daşıdığı barədə məlumat ala bilməmişdir, lakin “DQR” rəhbərliyinin onun Dağlıq Qarabağda vəziyyətə tam nəzarət etməsi ilə bağlı bəyanatını əsas götürərək Xocalını zəbt etmək əməliyyatının həm planlaşdırmasına, həm də icrasına görə məsuliyyətin də onun daşıdığı nəticəsinə gəlmək olar.

        366-cı motoatıcı alayın rolu

     Bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər. Hərbi hissənin komanda heyəti, əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiyini qeyd edirdi. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.

    Erməni tərəfindən alınmış məlumata görə 366-cı alayının döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etmişdir, onlar şəhərə atəş açmış, lakin ora daxil olmamışdır. Erməni tərəfi hərbiçilərin döyüş əməliyyatlarında iştirakı üçün alayın komandanılığının yazılı əmrinin olmadığını bildirir.

     Hücumun gedişatı

   Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdıldı. Piyada dəstələr şəhərə fevralın 26-sı gecə saat 01:00-04:00 arası girmişdir. Ermənistan silahlı birləşmələrin üzvlərinin məlumatına görə Xocalı qarnizonunun silahlı müqaviməti tezliklə tam olaraq qırıldı. Xocalıdakı dağıntılar artilleriya hücumunun olduğunu təsdiq edir, onlar gərgin küçə döyüşləri nəticəsində yaranan dağıntı və zədələnməyə bənzəmirdilər. Sonuncu müdafiə nöqtəsi saat 07:00-da məhv edildi. Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək Xocalını tərk etməyə başladılar. Şəhəri tərk edən bəzi qrupların tərkibində şəhər qarnizonundan olan silahlı şəxslər var idi.

     Əhali şəhəri iki istiqamətdə tərk etdi:

    Şəhərin şərq hissəsindən çay yatağı boyunca şimal-şərq istiqamətinə, Əsgəranı sol tərəfdə saxlamaqla (Ermənistan rəsmiləri məhz bu yolun “azad dəhliz” kimi saxlanıldığını bildirir);

   Əsgəranı sağ tərəfdə saxlamaqla şəhərin şimal hissəsindən şimal-şərq istiqamətinə (görünür bu yolla qaçqınların az bir hissəsi keçmişdir).

   Beləliklə mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi, təxminən 200-300 nəfər öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı. Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki əhali öldürüldü. Erməni tərəfi praktiki olaraq bu cür öldürülən əhalinin sayı ilə bağlı məlumat verməkdən imtina etdi (26 fevral tarixində Xocalı rayonunda olan “Qolfstrim” assosiasiyasının tele-müxbiri I.Burqanskinin məlumatında əhalinin əksəriyyəti müdafiə qarnizonunun bölmələrinin minomyot atəşindən öldüyü göstərilir, lakin Burqanskinin hücuma dair təsvir etdiyi əksər təfərrüatlar bütün mənbələrdən alınan digər məlumatlara uyğun gəlmədiyindən onun bu məlumatları şübhə doğurur.) Erməni tərəfinin məlumatına görə hücum edənlər 10-12 nəfər ölüm itkisi vermişdir.

    Əhalinin çıxması üçün "azad dəhliz"

    "DQR" rəsmilərinin məlumatına görə mülki əhalinin Xocalıdan çıxması üçün şəhərin şərq hissəsindən başlayan, çay yatağı ilə davam edən və şimal-şərq tərəfə, Ağdama doğru istiqamətlənən və Əsgəranı sol tərəfdən keçən "azad dəhliz" saxlanılmışdı. Bu "dəhliz" 100-200, bəzi yerlərdə isə 300 metrə çatan enliyə malik idi. Ermənistan silahlı birləşmələrinin üzvləri mülki əhaliyə və həmin "dəhlizin" hüdudlarında yerləşən silahsız hərbi birləşmələrin üzvlərinə atəş açmayacağına söz vermişdi.

  “DQR” rəsmilərinin və hücumda iştirak edən şəxslərin məlumatına görə hücum başlanarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsucaldan cihazlar vasitəsilə Xocalı sakinləri bu cür "dəhliz"in mövcudluğu barədə məlumatlandırılmışdır. Lakin bu məlumatı verən şəxslər Xocalının əksər sakinlərinin atışma səsləri və səsgücləndiricilərin gücünün zəif olması səbəbindən “azad dəhliz” barədə xəbəri eşitməyə bildiyini istisna etmədilər. "DQR" rəsmiləri həmçinin bildirdilər ki, hücuma bir neçə gün qalmış Xocalı üzərindən helikopterlər ilə əhaliyə “azad dəhliz”dən istifadə etmək çağırışı ilə müraciət edən vərəqələr paylanmışdır. Lakin, bunun sübutu üçün “Memorial” müşahidəçilərinə bu cür vərəqənin bircə dənə də olsa nümunəsi təqdim edilə bilmədi. "Memorial" müşahidəçiləri Xocalıda da bu cür vərəqələrin heç bir izinə rast gəlməmişdir. Dindirilən Xocalı qaçqınları bu cür vərəqələr barədə heç nə eşitmədiyini söylədilər.

  Ağdam və Bakıda "Memorial" müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, "azad dəhliz" barədə məlumatı olmuşdur (Xocalı qarnizonunun "hərbiçi"si onu xəbər etmişdir). "Memorial" müşahidəçilərinin Xankəndidə təcridxana mərkəzində deputat Paruyr Hayrikyan iştirakı ilə söhbət etdiyi (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri “azad dəhliz” barədə heç nə eşitməmişdir.

   Hücumdan bir neçə gün öncə Ermənistan tərəfinin nümayəndələri radio əlaqədən istifadə edərək dəfələrlə Xocalı qurumlarını planlaşdırılan hücum barədə məlumatlandırmış və onlardan dərhal əhalini tam şəkildə şəhərdən çıxarmağı tələb etmişdir. Bu məlumatın Azərbaycan tərəfindən alındığı və Bakıya ötürüldüyü Bakinskiy Raboçiy qəzetinin buraxılışında təsdiq olunmuşdur.

   "Dəhliz"in möcvudluğu barədə "Russkaya mısl" qəzetinin 03.04.1992-ci il tarixli nəşrində göstərilir və bu barədə Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun sözlərindən sitat gətirilir:

    Biz bu dəhlizin mülki əhalinin çıxması üçün nəzərdə tutulduğunu bildirdik... (Elman Məmmədov)

     Şəhərdən çıxan əhalinin taleyi

   1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil - torpaqdakı meyitlər fonunda şəhərdə talançılıqla məşğul olan erməninin maşını

Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər, əksəriyyət yüngül geyimdə qaçdılar (nəticədə onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər), Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi. Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək (birinci yol – "Xocalıya hücum" bölməsinə baxın) tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında "azad dəhliz"lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi.

    Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyidləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdir. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlərin arasında formada olanlar da var idi. Videoda ümumilikdə onlarla cəsəd göstərilirdi. Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər ("azad dəhliz"ə paralel yol boyunca hərəkət iki saat çəkir). Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar.

    Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır. Ağdamda 181 meyidin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır; ekspertlərin gəldiyi nəticələrə görə 151 nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə zərbədən ölmüşdür. Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. "DQR" rəsmiləri "Memorial" müşahidəçilərinə "120-130 cəsədin onların razılığı ilə Ağdama" gətirildiyini bildirmişdir. 96 meyit Ağdamda dəfn olundu. Digərlərinin meyidləri qohumlarına çatdırıldı.

    "DQR" rəsmiləri və Ermənistan silahlı dəstələrinin üzvləri "azad dəhliz"də mülki əhalinin öldürülməsini hərəkət edən qaçqınların arasında erməni postlarına atəş edən və cavab atəşini məcbur edən silahlı şəxslərin olması və həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri ilə izah etmişdir. Ermənistan silahlı dəstələrinin sözlərinə görə Azərbaycan bölmələri Ağdamdan "azad dəhliz" istiqamətində silahlı müdaxiləyə cəhd etmişdir. Erməni postları hücumu dəf edərkən, Xocalıdan birinci qrup qaçqınlar yaxınlaşdı. Qaçqınların arasında olan silahlı şəxslər erməni postlarına atəş açdılar. Döyüş zamanı bir post dağıdıldı (iki nəfər öldürüldü və 10 nəfər yaralandı). Lakin azərbaycanlıların bilmədiyi digər post Xocalıdan gələn insanlara yaxın məsafədən atəş altına aldılar.

    Xocalı qaçqınları verdiyi ifadələrində (o cümlədən mətbuatda çap olunmuş) qaçqınlar axınında olan silahlı şəxslərin erməni postları ilə atışma apardıqlarını, lakin hər dəfə atışmanı başlayan tərəfin erməni olduğunu söylədilər. Həmçinin 2-ci yol ilə gedən və Əsgəranı özlərindən sağ tərəfdə saxlayan qaçqın qrupları da atəşə məruz qalmışdı. Ağdam şəhərindəki tibb vaqonunun demək olar ki, Xocalının bütün qurban və müdafiəçilərinin əks olunduğu jurnalında 598 yaralı və donvurma qurbanları (sonuncu qrup üstünlük təşkil edirdi) qeydə alınmışdı. Canlı vəziyyətdə baş dərisinin soyulması halı da burada əks olunmuşdur.

    Xocalıda ölən şəxslərin ümumi sayını qiymətləndirərkən insanların yalnız qaçqınların güllələnməsi nəticəsində deyil (bu cür öldürülən insanların cəsədlərinin bir hissəsi Ağdama gətirilmişdir), həmçinin dağlarda hərəkət zamanı donvurma səbəbindən ölməsi faktı da nəzərə alınmalıdır. “Memorial” müşahidəçiləri üç uşağını bu yolla itirmiş bir qadınla söhbət etmişdir. Xocalının donvurma nəticəsində ölmüş sakinlərinin dəqiq sayını müəyyən etmək mümkün olmamışdır. "Qarabağ" qəzetinin 26.03.1992-ci il tarixli buraxılışında verilən məlumata görə Xocalı qaçqınlarına yardım komissiyası 476 şəhid ailəsinə yardım etmişdir.

    Şəhərdə qalan sakinlərin taleyi

   Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 axısqa türkü qalmışdı. Sakinlərin, hücumun iştirakçılarının, "DQR" rəsmilərinin və həmin ərəfədə Xocalı rayonunda olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin ifadələrinə görə qalan sakinlərin hamısı əsir götürüldü və üç gün ərzində Xankəndiyə (təcridxana mərkəzi və nəqliyyat dəstəsinin binasına), Krasniy kəndində saxlama yerinə və Əsgəran rayonunda təcridxanaya aparıldı. “DQR” rəhbərliyinin razılığı ilə onların bəziləri Azərbaycan ərazisində qohumları həbsdə olan erməni ailələrinin xüsusi evlərinə aparıldı.

    "DQR" rəsmilərinin məlumatına görə bir həftə ərzində bütün qadın və uşaqlar heç nə alınmadan Azərbaycan tərəfinə təhvil verildi. Hər iki tərəfdən alınan məlumata görə Xocalının həm şəhərin ələ keçirilməsi zamanı, həm də Ağdama gedərkən tutulan 700 nəfərdən çox əsir götürülmüş sakini 28.03.1992-ci il tarixinə kimi Azərbaycan tərəfinə təhvil verilmişdi. Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edirdi. Eyni zamanda, bir çox Xocalı sakinlərinin ifadələrinə görə qadın və uşaqlar, həmçinin kişilər “dəyişdirmə vasitəsi” kimi saxlanılırdı. Bu ifadələr "Memorial" nümayəndələrinin şəxsi müşahidələri ilə təsdiqlənmişdi: 13 mart tarixinə Əsgəran şəhərində qadın və gənc qızlar da daxil olmaqla Xocalı sakinləri hələ də girov kimi saxlanılırdı. Bu tarixdən sonra da qadınların zor gücü ilə Əsgəranda saxlanıldığına dair etibarlı sübutlar mövcuddur.

     Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti

   “Memorial” müşahidəçilərinin Xankəndi rayonunda yerləşən əsir götürülmüş Xocalı sakinlərinin və Azərbaycan silahlı birləşmələrinin əsir götürülmüş üzvlərinin (onların hamısı münaqişə zonasında “girov” kimi müəyyən olunur) saxlanıldığı təcridxana mərkəzində keçirdiyi baxış zamanı onların saxlanma şəraitinin hədsiz dərəcədə qeyri-qənaətbəxş olduğu müəyyən olundu. Təcridxana mərkəzində saxlanılan azərbaycanlıların xarici görkəmi onların zəif qidalandırıldığını göstərirdi və onlarda taqətdən düşmənin aydın əlamətləri görünürdü. Şifahi şəkildə alınan məlumatlara görə əsirlər müntəzəm surətdə döyülürdülər. Həmçinin o da qeyd edilməlidir ki, müşahidəçilərə yalnız bəzi girovlara baxmağa imkan verilmişdi.

    Təcridxananın rəisi mayor Xaçaturyan əsirlikdə olan şəxslərlə hətta bir neçə dəqiqəlik təkbətək söhbət aparmağı qadağan etdi. Yalnız təsadüf nəticəsində bir dəfə belə bir söhbət aparmaq mümkün oldu. Əsir götürülən və sonralar dəyişdirilən Xocalı sakinləri və şəhər müdafiəçilərinin ifadələrinə görə onlar döyülmə hallarına məruz qalırdılar. İfadələrin bir çoxunda qadın və uşaqların kişilərdən fərqli olaraq döyülmədiyi deyilirdi. Lakin Bakı və Ağdamda həkimlərin də təsdiqlədiyi kimi azyaşlılar da daxil olmaqla zorlama halları barədə ifadələr mövcuddur.

    Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

     Cəsədlərin yığılması

   Xocalı mühasirədə olan zaman Xocalı əhalisi Ağdam istiqamətində yox, dağlar və meşələrə tərəfə qaçırdı, çünki erməni silahlı dəstələri Ağdama gedən yolun üstündəki Qaraqaya adlı hündürlüyü tutmuşdular. Xocalı camaatına Əsgərən istiqamətindən kömək etmək mümkünsüz olduğu üçün bir qrup döyüşçü xocalılara kömək üçün plan qurur və Qaraqaya əməliyyatına başlayırlar. Bu əməliyyat yuxarı komandanlığın göstərişi olmadan hazırlanır. Xocalı hadisəsi baş verən günlərdə Qaraqaya ermənilərdə idi. Yalnız fevralın 26-da səhər saatlarında, Xocalıdan sağ çıxıb gələn adamlardan nə baş verdiyini öyrəndikdən sonra Ağdamdakı yerli batalyonlar tərəfindən dinc əhalini xilas etmək üçün Qaraqaya erməni dəstələrindən azad edilir. Və bundan sonra Ağdamın Şelli kəndi istiqamətində canlarını qurtarmaq istəyən dinc xocalılar xilas edilir. Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan əsirlikdən azad edilir, 100-dən çox meyit Ağdama gətirilir. Qaraqayanın qarşı tərəfindən bir az qabaqda Əsgəran istiqamətində isə xocalıların meyitləri başlayırdı. Həmin ərazilər ermənilərin nəzarəti altında idi.

    Xocalıların cəsədləri əsasən şəhərin özündə və ermənilərin nəzarəti altında olan Əsgəran, Kətük və Naxçıvanikin yaxınlığında idilər

    Orada qalan onlarla xocalıların meyitlərinin götürülməsi isə Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırov ilə Əsgəran batalyonunun komandiri Vitali Balasanyanın danışıqları nəticəsində baş tutub. Beləki, faciədən iki gün sonra Allahverdi Bağırov Əsgəran yolundakı keçid məntəqəsinə yollanaraq, düşmən tərəflə aparılan danışıqlardan sonra ermənilərin Əsgərandakı batalyonunun komandiri Vitali Balasanyanla görüşdü və ona bildirdi ki, Azərbaycan tərəfi həm meyitləri götürməli, həm də çəkiliş aparmalıdı (həmin vaxt Bağırov ilə o vaxt Müdafiə Nazirliyinin hərbi operatoru olan Seyidağa Mövsümov da getmişdi). Vitali əvvəlcə çəkilişin aparılmasına razı deyildi, ancaq Allahverdinin təkidindən sonra razılaşdı bir şərtlə ki, iki erməni silahlıları azərbaycanlıları axıra qədər izləyəcək və onların icazəsi olmadan heç bir çəkiliş aparılmayacaq. Razılaşandan sonra ermənilərin maşınlarına minib Xocalıya doğru irəlilədilər. Onlarla birgə iki yük maşını da getdi. Maşında Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüsü də vardı. Onlar meyitləri yığacaqdılar. Əsgəran qalasının yaxınlığında olan Əsgəran körpüsünə çatanda, məlum oldu ki, körpünün altı və ətrafı insan cəsədləri ilə doludu. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Mövsümov nə qədər cəhd göstərsə də burada çəkiliş aparmağa imkan vermədilər. Azərbaycan döyüşçüləri meyitləri yığmağa başladılar. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər.

    Bir az qabağa gedəndə xeyli sayda Azərbaycan döyüşçüsünün cəsədləri göründü. Onlar döyüş vəziyyətində idilər. Onların arasında Əlif Hacıyevin də meyiti var idi. Əlifin sırıqlısının ətəyi üzünə düşdüyünə görə, ermənilər onu tanımadılar, yoxsa, aparmağa imkan verməyəcəkdilər. Ermənilər də meyitlərin arasında bəzi adamları axtarırdılar, məsələn, Aqil Quliyevin cəsədini. Ermənilər Seyidağa Mövsümovdan Aqil Quliyevin cəsədini göstərib Aqil Quliyev olub-olmadığını soruşanda, Mövsümov bilə-bilə ki, bu Aqil Quliyevin meyitidir, deyib ki, yox, o, deyil. Əlif Hacıyevin meyitindən bir az qabaqda isə ağsaqqal kişinin meyiti var idi, onun qulaqlarını kəsmişdilər. Başqa bir yerdə bir ailənin uşaqdan böyüyə qədər hamısını qırmışdılar. Yolda yaşlı ər-arvadı bir-birinə məftillə bağlamışdılar, kişinin kəllə qapağını çıxarmış, sonra da əzmişdilər, qadının isə qulaqlarını və burnunu kəsmişdilər. Seyidağa Mövsümov bütün gördüklərinin hamısını lentə köçürməyə çalışırdı. Meyitlər Qarqarçayın sahilindən dağlara qədər səpələnmişdi. Döyüşçülər Qarqarçaya çatanda ermənilər bir yük maşını dolu meyiti körpüdən çayın kənarına tökdülər.

    Mövsümov və meyitləri yığan döyüşçülər artıq yüksəklikdə olanda Çingiz Mustafayevin vertolyotla gəlişinin şahidi oldular. Ermənilər vertolyotu atəşə tutdular və heyət aradan çıxdı. Çingiz isə döyüş meydanında düşmənlə üz-üzə tək qalmışdı və Naxçıvanik tərəfdə çəkiliş aparırdı. Mustafayevdən başqa Mövsümov orada digər müxbirləri də görmüşdü. Onlardan biri “Səhər” qəzetinin müxbiri Şamil Sabiroğlu, o birisi isə xarici jurnalist idi. Çingiz Mustafayevin sözlərinə görə, o, ilk dəfə fevralın 28-i əraziyə vertolyotla gələndə təxminən 500 metr radiusunda havadan cəsədlərlə dolu meydança var idi. Mustafayev göydən cəsədləri yığan azərbaycan döyüşçülərini də görmüşdü. Pilotlar əvvəlcə enmirdilər, çünki ərazi erməni silahlılarının nəzarəti altında idi. Nəhayət enəndə, atəş səsləri eşidildi və vertolyotlar havaya qalxdılar. Mustafayevnən gələn milis işçiləri isə cəmi dörd cəsəd götürməyə macal tapdılar. Çingiz Mustafayev və onunla daha beş nəfər həmin ərazidə qalıb (Əsgəran-Naxçıvanik yolundan 25 metr aralıda, donuz fermasının yanında) çəkiliş apardılar. Mustafayevin dediklərinə görə onların yanından hətta iki erməni ilə dolu maşın da keçdi. Mustafayev deyirdi ki, onunla bir yerdə olan iki nəfər xeyli sayda ölü və eybəcər hala salınmış adam gördüyündən huşunu itirmişdi, çoxusunun ürəyi bulanırdı. Sonra vertolyot qayıdmış və Çingiz Mustafayevgili aparmışdı.

    Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin çıxarılmasında iştirak etmişdilər, sonradan Milli Qəhrəman adı alan Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi. Həmin meyitləri artıq axşam Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan Röytersin fotomüxbiri Frederika Langen də çəkmişdi. Langen özünün "The New York Times" qəzetinə verdiyi müsahibəsində gördüklərini bu cür təsvir edirdi:

    Birinci yük maşınında mən 35 cəsəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmiş, çoxusu yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi.  (Frederika Langen)

    Ümumilikdə, Bağırovun döyüşçüləri Kətük, Naxçıvanik, Əsgəran və Xocalıdan 180-ə yaxın cəsəd toplayıb Ağdam məscidinə gətirdilər. Xeyli cəsəd tanınmaz hala düşmüşdü. Martın 2-si Çingiz Mustafayev bir qrup xarixi jurnalistlər ilə hadisə yerinə çatanda isə cəsədlərin çoxusu daha da eybəcər hala salınmışdı. Mustafayevin "İzvestiya" qəzetinə dediklərinə görə, onları bir neçə gün eybəcər hala salırmışlar.

       Soyqırımın qurbanları

   1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi. Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə ermənistan silahlı dəstələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.

    Əksər Azərbaycan və beynəlxalq KİV-lərdə qeyd olunur ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

    Azərbaycan parlamentinin hüquq, qanunçuluq və müdafiə məsələləri idarəsinə rəhbərlik edən və Xocalı hadisələrinin istintaqını aparan parlament qrupunun tərkibinə daxil olan Namiq Əliyevin 23 aprel tarixində "Helsinki Watch"-a bildirdiyinə görə Ağdamda 213 Xocalı qurbanı dəfn olunub. Ağdamda müvəqqəti olaraq yaradılmış hospitalda qəbul edilmiş bəzi cəsədlər kombatant kimi müəyyən edilmişdir. Helsinki Watch 180 Xocalı sakininin itkin düşdüyü qeyd edir.

    "Qara bağ" kitabının müəllifi Tomas de Vaalın fikrincə, faciə nəticəsində 485 insan (donma nəticəsində həlak olmuşlar da daxil olmaqla) həlak olmuşdu. Azərbaycan hakimiyyətinin rəsmi hesablamasında 25-26 fevralın hadisələri zamanı zərər çəkmiş ölü sayı 613 nəfər idi, bunlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşlı insanlar olmuşdur.

    İşğaldan əvvəl rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana, mərkəzi rayon xəstəxanası, 13 tibb məntəqəsi, 4 həkim ambulatoriyası fəaliyyət göstərib.

    Xocalı sakinlərinin əmlakı

    Şəhərdən çıxan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlərə heç olmasa əşyalarının bir hissəsini götürməyə imkan verilmədi. "Memorial" müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Xankəndi və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdı. "DQR" ali sovetinin qərarına əsasən ehtiyacı olan ermənilər Xocalıdakı evlərə köçürülür və bunun üçün onlara nömrələr verilir.

     Xocalı soyqırımı zamanı şahidlərin xatirələri

    1992-ci ildə Bakı Dəmiryol Stansiyasına qatarla Xocalı soyqırımında ölən və yaralıların gətirilməsi. Ölülər təcili tibb yardımı maşınları ilə aparılırdı.

    Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın "Helsinki Watch"-a (Human Rights Watch) söylədiyinə görə kütlə öldürülməyə başladığı zaman onlar geri çevrildi və müxtəlif istiqamətlər üzrə qaçmağa başladı.

    Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq.

    Sonradan əsir götürülən gənc azərbaycanlı qadın "Helsinki Watch"-a dediklərindən:

    Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa başladığını gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər.

      Xocalı soyqırımı şahidi Həsən Allahyarovun dediklərindən:

    Tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələnmiş meyidlər gördüm və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm.

    Xocalı soyqırımı şahidi Hicran Ələkbərovanın dediklərindən:

    Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan var idi. Onların sayı yüz olardı. Saymağa cəhd etmədim. Bu sahədə mən yaralanmışdım. Əlif Hacıyev yaralanmışdı və mən ona kömək etmək istədim. Güllə mənim qarnıma dəydi. Onların haradan atdığını görürdüm. Sahədə olan digər meyidlər də gördüm. Onlar yenicə öldürülmüşdülər – dərilərin rəngi hələ dəyişməmişdi.

      Xocalı soyqırımı şahidi 50 yaşlı Baloğlan Allahyarovun dediklərindən:

    Naxçıvanikə səhər saat 8:00-də çatdıq və onlar atəş açan zaman bir sahənin ortasında idik. Onlar yalnız bir istiqamətdən, meşədən atəş açırdı. Sonra biz bu sahədən həyat yoldaşım və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metr məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş, qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. Ermənilər onların üzüklərini götürmüşdülər.

      Xocalı soyqırımı şahidi səhər saat 8:00-də Nazilə Əhmədova sol ayağından güllə yarası aldı:

    Biz iməkləyirdik. Ayaq üstə duran hər kəs yaralanmışdı. Ayaqlarımı rahatlamaq üçün ayağa durdum və mən də yaralandım. Xeyli sayda insanın yaralandığını gördüm və iməkləyərək onlardan aralanmalı olduq. Yaralandıqdan sonra məni keçən bir çox insanı görmədim; onlar meşədə gizlənmişdilər. Axşam saat 7:00-yə kimi qarda qaldım. Xalq Cəbhəsinin üzvləri gəldi və mənə qaçmağa kömək etdi.

       Təsviri incəsənətdə

    Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında Azərbaycan rəssamlarının Xocalı faciəsinin və Xocalı soyqırımının qurbanlarına həsr olunmuş bir çox əsərləri saxlanılır. Bunlara misal olaraq Mais Ağabəyovun "Xocalı faciəsi", Bəyim Hacızadənin "Xocalı", "Ömrünün axırıncı dəqiqəsi", Fərman Qulamovun "Azadlığa doğru", "Xeyir və Şər", Rafael Muradovun "Qaçqınlar", Həmzə Abdullayevin "Yandırılmış Vətən. Qaçqınlar", "Xocalı. Güllələnmiş insanlar", Sirus Mirzəzadənin "Xocalı", Nazim Məmmədovun "Vətənpərvər qız", "Xocalının son günü", Məmməd Orucovun "Xocalı qaçqınları", Eldar Babazadənin "Axırıncı döyüşçü", "Ana fəryadı", Arif Hüseynovun "Xocalı", Rövşən Məmmədov “Xocalı soyqırımı”, Bayram Qasımxanlının "Faciələrimiz" (triptix), heykəltəraşlardan Xanlar Əhmədovun "Ana körpəsi ilə", "Qoca", "Torpaqlarımız uğrunda", Sahib Quliyevin "Soyqırım", Zakir Əhmədovun "Çingiz Mustafayev", Əşrəf Heybətin "Xocalı faciəsi", Nəriman Məmmədovun "Qarabağ süitası", Məmməd Rəşidovun "Haray" və başqa əsərlərin adlarını qeyd etmək olar.

    Rəssam Rza Avşar Xocalı faciəsi mövzusunda iki əsər çəkib. Faciədən az sonra yaradılmış əsərlər "Xəzər" jurnalında çap olunub. "Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə çəkilib. Əsərdə qara, bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üstünü qara buludlar alıb. Səma ərşə bülənd olan insan fəryadları ilə dolub. Uzaqlardan səmanın aydınlığı görünsə də, qara fon aparıcıdır. Şəhərin halında qan və alov hakimdir. Rəssamın həmin ildə çəkdiyi başqa bir əsər "Ekstremist" adlanır. Təxminən "Xocalı" böyüklükdə olan əsərdə mifik obrazvari sifət insan sifətinə oxşamayan, acgöz dişləri qabaran, qara sifətli vəhşi, caynaqlı bədheybət bir obraz olaraq təsvir olunub. Hər halda bu obraz erməni xislətinin rəssamlıqda ifadəsi kimi anlaşıla, qəbul edilə bilər. Xocalı mövzusunda ən diqqətçəkən plakatlardan biri Vaqif Ucatayın əsəridir. Əsərdə uşağın qarnına qılınc saplanıb, qan hər yana tökülüb.

      Əsgəran qalası

    Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında yerləşən və Şuşadan 24 km məsafədə olan Əsgəran qalasının dağlıq relyefə və Qarqar çayının enli yatağına uyğun ikihissəli quruluşu var.

   Tarixçi Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ” əsərində yazır ki, İbrahim xanın 1787-ci ildə tikdirdiyi bu qalada yerləşdirilən piyada qoşun xanlığın paytaxtı Şuşa şəhərinə şərqdən olan düşmən basqınlarının qarşısını almaq məqsədilə inşa edilmişdir.

   Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağır və bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir.

      Xocalı türbəsi

    XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir. Abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi, Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.

      Kino

    Azərbaycan kinematoqrafında Xocalı soyqırımına "Haray", "Günəşin batdığı yer", ""Xoca", "Qırmızı qar" filmləri ithaf olunub. Xocalı soyqırımına aid ilk Avropa filmi, 2012-ci ildə Litva jurnalisti Riçardas Lapaytis "Sonu olmayan dəhliz" sənədli filmini həsr edib. Rejissor Mərahim Fərzəlibəyov Qara Yanvar ilə müqayisədə Xocalı mövzusu ilə bağlı dramaturji materialın azlığını qeyd edib.

      Musiqidə

    Xocalı soyqırımı haqqında bir sıra mahnılar və musiqi kompoziyaları bəstələnmişdir. Bunlardan Pyer Tilloyun "Xocalı 613" musiqi pyesini, Aleksandr Çaykovskinin "Khojaly Requiem", Nəriman Məmmədovun "Xocalı" (7 saylı simfoniya), Elnarə Dadaşovanın "Xocalı Laylası", Dəyirman və Toni Blekmenin "Justice for Khojaly", Qaraqanın "Xocalı", Nigar Camalın "Broken Dreams" mahnılarını qeyd etmək olar.

      Abidələr

    Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb. Xocalı soyqırımına aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunsa da, 2008-ci il fevralın 26-da həmin abidənin yerinə təzə "Ana Harayı" adlı abidə ucaldılmışdır. 2011-ci ildə abidənin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulmuşdur.

    2008-ci il fevralın 24-də Avropada Xocalı soyqırımına aid ilk abidə Hollandiyanın Haaqa şəhərində ucaldılmışdır. 2011-ci il mayın 30-da Almaniyanın paytaxtı Berlində, Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. 2012-ci il fevralın 24-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində, avqustun 23-də isə Şimali Amerikada soyqırıma aid ilk abidə Meksikanın Mexiko şəhərində tikilmiş, meydanın adı isə Tlakskoake-Xocalı adlandırılmışdır. Türkiyədə Xocalı soyqırımına aid ilk abidə 2014-cü il martın 28-də Ankarada ucaldılmışdır. Türkiyənin İzmit, İzmir, Uşak, Dənizli və Sakarya şəhərlərində də Xocalı soyqırımının xatirəsinə aid abidələr yerləşir.

    Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımına aid 6 ölkədə 9-dan çox abidələr ucaldılıb.

     Beynəlxalq hüquqa görə məsuliyyət

    2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi.

    Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakıları qeyd edir:

    Müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur.

     Mədəniyyət

    Xocalıda dulusçuluq, daş üzərində işləmə daha çox inkişaf etmişdi. Sənaye və tikinti obyektlərinin sayı 29, mədəni-məişət obyektlərinin isə 80 olaraq qeyd olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.

    26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, təxminən 200.000 iştirakçı saatlarla davam edən aksiyalarda "Hamımız Xocalılıyıq" (türk. Hepimiz Hocalılıyız, ing. We are all from Khojaly) şüarları səsləndirilib. 2012-ci ildə Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya nəticəsində, Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”-ə gedən avtobuslarda posterlər yerləşdirilib. Azərbaycanda Xocalı soyqırımına həm də poçt markası da həsr olunmuşdur.

 

 

Ardı...

 

Bölmə: Xocalı | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 66 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar