"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ AXŞAMI, 11/12/2018, 20:02
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

Azadİnform İnformasiya Agentliyi

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Şuşa

Şuşa rayonu - 08.05.1992
26/06/2017, 02:52

 Azərbaycan Respublikası Şuşa rayonu

Azərbaycanın işğal olunmuş əraziləri

     1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənistan tərəfindən işğal olunub. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016–cı il tarixinə görə 32.8 min nəfər olub. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. İri yaşayış məntəqələri Şuşa şəhəri, Malıbəyli və Daşaltı kəndləridir. Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal edilmiş və vəhşicəsinə dağıdılmışdır.

     Şəhərin adının tarixçəsi

    Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün, onu "Şuşa" (şüşə) adlandırmışlar.

    Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının, Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir.

    Qarabağ xanı, Pənahəli xanın hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad adlandırırdılar.

    Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrü 1748-1763ci illərdə, əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. 1763-cü ilə qədər qeyri-sabit şəraitdə davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr - Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Hacı Yusifli, Qazançalı, Dördlər qurdu, Merdinli və Dördçinar  məhəllələri yerləşirdi.

   Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi, İbrahimxəlil xan Cavanşirin hakimiyyəti 1763-1806-ci illərdə, təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə. Şuşanın 8 kiçik məhəllədən ibarət olan ikinci böyük məhəlləsində Yuxarı məhəllə formalaşmışdır.

    On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq olan qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.

    XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada "Pənahabad" adlanan gümüş sikkə zərb edilirdi. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən etmişlər.

    Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir.

    1891-ci ildə Almaniyalı kartoqraf Adolf Stieler 95 xəritədən ibarət Stielerin Əl Atlası adlı atlas dərc etdirir. Şimali Azərbaycan Rusiya və Skandinaviya deyil , İran və Turan başlıqlı xəritədə göstərilir ki , burada da Şuşa (1121m) şəhəri Qarabağın mərkəzi kimi qeyd olunub.

     Azərbaycan Demokratik Respublikası

    1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.

    Azərbaycan Demokratik Respublikası dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.

       Şuşa rayonu

    1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur. Sahəsi. 289 km2. Əhalisi 19,0 min (1987, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var.

       Sovet İttifaqının tərkibində:

    1988-ci ilin fevral ayında Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV), Azərbaycanın tərkibindən çıxıb ermənistana birləşməsi tələbi ilə mitinq və tətillər başlandı. Yerevanda da, eyni tələblərlə çıxışlar oldu. Həmin il, sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər Azərbaycanlını şəhərdən zorakılıqla çıxararaq, onları Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər.

    İşğal əməliyyatı

    8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər.Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi.

    Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.

    Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir “qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

     Üçüncü Respublika dövrü

    8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır.

     Rusiyanın rolu

    Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran başçısının vasitəçiliyilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Agentilk ekspertlərə istnadən yazır ki, Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub. Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər.

    1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A.Mütəllibov devrildi.

       Mədəniyyət

   Şuşada rəsmən qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şəhərdə Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Xan qızı Natəvanın evi, Üzeyir Hacıbəyovun ev-muzeyi (Şuşa) və Vaqif türbəsi yerləşirdi. Qarabağ müharibəsi zamanı Hacı Quluların mülkü, Şuşa Realnı məktəbi, Süleyman Vəzirovun evi və s. ermənilər tərəfindən məhv edilmişdir.

    Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.

    Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".

    Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi mövqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: "Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır".

    Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdur.

    XIX əsrdə Şuşa Azərbaycanın musiqi mədəniyyəti mərkəzi kimi məşhurlaşmışdır. Məhz bu dövrdə Qarabağ muğam məktəbi yaranmağa başlamışdır. Xalq arasında «Kim oxumağı bacarmırsa, deməli, şuşalı deyil», «Şuşada bələkdəki körpələr də muğamat üstündə ağlar» deyimləri zərbi-məsələ çevrilmişdi. Azərbaycanda ilk «Şərq konserti» də Şuşada 1901-ci ildə keçirilmişdir. O dövrdə muğam ifaçılığı əsasən toy şənlikləri və ziyafətlərlə bağlı olmuşdur. XIX əsrin II yarısında Şuşada poeziya və musiqi məclisləri təşkil olunmağa başladı.

    Şuşanı "Şərqin konservatoriyası" və "Azərbaycanın musiqi beşiyi" adlandırırlar – bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov və Süleyman Ələsgərov.

    Şuşada isə ilk teatr tamaşası 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur.

      Dini-tarixi abidələri

    Hacı Yusifli məscidi (XVIII), “Çöl Qala” məscidi (XVIII əsr), Xoca Mərcanlı məscidi (XVIII əsr), Quyuqluq məscidi (XVIII əsr), Səyidli məscidi (XVIII əsr), Məscid (XVIII əsr), Mərdinli məscidi (XIX əsr), Aşağı Gövhər Ağa məscidi (1874-1875), Culfalar məscidi (XIX əsr), Yuxarı Gövhər Ağa məscidi (XIX əsr), Mamay məscidi (XIX əsr), Köçərli məscidi (XIX əsr), Malıbəyli məscidi, Alban kilsəsi, Qaybalı məscidi, Şirlan məscidi.

      Tarixi memarlıq abidələri

    Qala divarı (uzunluğu 8 kilometr), Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd), Qədim üslubda salınmış 17 məhəllə, Molla Pənah Vaqifin poeziya evi, Mir Möhsün Nəvvabın mülkü, Üzeyir Hacıbəyovun ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Rəsm qalereyası, Gəncə qapısı, Şor bulaq, Nəcəfqulu ağanın mülkü, Azərbaycanda ilk realnı məktəbin binası, , Xan qızı Banu Natəvanın tikdirdiyi “Qaradam”,  Qasım bəy Zakirin yaşadığı ev, Qasım bəy Zakirin qəbirüstü abidəsi, Küllü miqdarda gümüş və mis qablar, Məmməd Həsən ağanın imarəti, Bayat qalası (1748-ci il), Şahbulaq qalası, “Pənahabad” Şuşa qalası (1750-1757-ci illər), İkimərtəbəli karvansara (1888-1889-cu illər), Tarixin yaddaşı olan Daş Kitabələr, Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi, İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində), 17 məscid, 17 bulaq, 17 hamam, Meydan bulağı, İsa bulağı, Saxsı bulaq, Turşsu qalereyası, Karvansaray (4 ədəd), Şahlıq körpüsü, Gəncə qapısı,  Mirzə Həsən qəbiristanlığı, Şor bulaq, Mirfəseh qəbiristanlığı, Rasta bazar, Torpaq meydan,  Zarıslıda Korun karvansaray, Təzə məhəllədə körpü, Ü.Hacıbəyovun heykəli, Bülbülün büstü, H.Hacıbəyovun büstü, Cıdır düzü, Topxana meşəsi, Ağaböyük Xanımın bürcü, Malıbəylidə “Qızlar məktəbi”, Un dəyirmanı, Kəlba Şəhriyarın bağı, Mirfəseh bağı, “Həzrət Əli” kahası, “Qızıl qaya”, Səkili bulağı, Qotur bulağı, Şəmilin bağı, Hacıyevlərin armud bağı, Ağabəyim Ağanın qəsri, Bəhmən Mirzə Qacarın saray kompleksi, Bəhmən Mirzənin hərəmxanası, Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı, Qacarların məqbərə kompleksi, Qulam Şahın malikanəsi, Əsəd bəyin malikanəsi, Mamay bəyin malikanəsi, Şeytana bazar, Əfsanəvi Leyli qalası, Çuxur məhəllədə 2 minarəli “Şəfa ocağı”, Məhəmməd Həsən Ağanın imarəti, Qarabağ xanlığının Divan kompleksi, “Həzrət Abbas Şəfa ocağı”, “Dəlik-daş” pilləkən kompleksi, Qarabağ qazisinin mülkü, Şuşa Ovdan bulağı, Vaqif poeziya evi, M.P.Vaqifin məqbərəsi, M.P.Vaqifin müəllimlik etdiyi bina, M.P.Vaqifin büstü, M.P.Vaqifin evi, Xan qızı Xurşud Banu Natəvanın sarayı, Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi, X.B.Natəvanın büstü, X.B.Natəvanın tikdirdiyi “Qarama”, X.B.Natəvanın tikdirdiyi həbsxana, Aşağı Gövhər Ağa Məscidi, Yuxarı Gövhər Ağa Məscidi, Malıbəyli Məscidi, Qaybalı Məscidi, Şırlan məscidi, Alban kilsəsi, Rus kilsəsi, Hacı Qulamın mülkü, M.M.Nəvvabın mülkü, M.M.Nəvvabın abidə kompleksi, Nəcəfqulu Ağanın mülkü, Ağa-Əbdürrəhim Ağanın evi, Hacı Bəşirin mülkü, Cabbar Qaryağdı oğlunun mülkü, Mirzə Hüseynin mülkü, Mirəlibəyin mülkü, Seyid Məcidin mülkü, Kəlba Şirinin mülkü, Öpənnik Qara Zeynalın mülkü, Fərzalı bəyin mülkü, Allahverənli Kəlba Şirinin mülkü, Çuxur məhəllədə Kal Həsənin evi, Təzə məhəllədə Xayatlılar Mehdinin evi, Çuxur məhəllədə Kürd uşağının evi, Məşədi Qəhrəmanın mülkü, Quyruq məhəlləsində Məşədi Teymurun evi, Mehmandarovun ev kompleksi, Zöhrabbəyovların evi, İbrahim xanın mülkü, Sadıqcanın qəsri, Uluq bəyin evi, Quyruq məhəlləsində Sadıq bəyin mülkü, Cəlal bəyin evi, Nəcəf bəy Vəzirovun mülkü, Virudin bəy Köçərlinin mülkü, Süleyman Sani Axundovun mülkü, İsmayıl bəyin evi, Məşədi Şirinin mülkü, Gəraf Əsgərovun mülkü, Ağamirovların mülkü, Hüsü Hacıyevin mülkü, Hüsü Hacıyevin büstü, Kəlba Hüseynin evi, Yusif Vəzir Çəmənzəmənlinin mülkü, Mir Həsən Vəzirovun mülkü, Qaraşovların mülkü, Hüseyn Qayıbovun mülkü, Q.B.Zakirin yaşadığı ev, Q.B.Zakirin qəbirüstü abidəsi, Hacı Dadaşın mülkü, Əbdülrəhim bəy Haqverdiyevin evi, Hacı Şükürün imarəti, Qədimovların mülkü, Ü.Hacıbəyovun ev muzeyi, Bülbülün ev muzeyi, Xalça muzeyi, Rəsm Qalereyası, Tarix Diyarşünaslıq muzeyi, Qarabağ Dövlət tarixi muzeyi, Azərbaycanda ilk “realnı uçiliş”in binası, Yaşıl aptek, Mədəniyyət evi, Külli miqdarda gümüş və mis qablar, Səməd bəy Mehmandarovun Şuşadakı mülkü.

      Aşağı Gövhərağa məscidi

   Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhərağa (əsl adı Gövhərnisə) həm də öz dövrünün məşhur xeyriyyəçilərindən olmuşdur.

    Onun vəsaiti hesabına tikilən Aşağı Gövhərağa məscidi Şuşa şəhərində 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.

    Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnibdir.

     Bülbülün ev-muzeyi

    SSRİ Xalq artisti Bülbülün 1992-ci ilə qədər Şuşada yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Ev-muzey kiçik həyət, iki otaq və eyvandan ibarətdir.

    Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər burada nümayiş olunurdu.

    Muzeyin fasadında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən hazırlanmış, uşaqlıq illərinin portretini əks etdirən memorial lövhə vurulmuşdur.

    Ermənistan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğal etməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanlar isə Ermənistana daşınmışdır. Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş heykəli hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilib.

      Hacı Quluların mülkü

    Hacı Qulunun Xoca Mərcanlı məhəlləsindəki imarəti 1851-ci ildə tikilmişdir. Milli üslubda tikilmiş üçmərtəbəli sarayda 46 otaq və 2 böyük zal var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunub.

    1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılmışdır.

      Xurşudbanu Natəvanın evi

    Görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII-XIX əsrlərə aid tarixi yaşayış binalarından biri hesab olunurdu. Hazırda bu ev yarıuçuq vəziyyətdədir.

    Mamayı məscidi

    XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olmuşdur.

    Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi fəaliyyət göstərmişdir. Məscid iki mərtəbəlidir.

    Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi

    Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V. Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında olmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Burada M.P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.

    Kompleksin açılışında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər.

    1992-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarca eksponat məhv edilmiş, aparılması mümkün olan eksponatlar isə Ermənistana daşınmışdır.

    Saatlı məscidi

   Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən, Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Tikildiyi məhəllənin adı ilə Saatlı məscidi adlandırılıb.

    Məscidin minarələrinin ümumi quruluşu Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur.

    1992-ci ilin mayında Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı məscidin minarəsi top atəşləri nəticəsində dağıdılmışdır.

      Şuşa qalası

    Şuşa qalası-Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala şəhəri xarici müdaxilələrdən qorumuş, uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da onu ələ keçirmək mümkün olmamışdır.

    Ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib.

    Qarabağ xanı Pənahəli xan əvvəllər tikdirdiyi Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

    Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın dörd qapısı olub. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında onu xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır. Şuşanın xarici aləmlə əlaqəsini təmin edən qapılardan üçünün     Gəncə, Ağoğlan və İrəvan qapılarının adları bizim dövrümüzədək gəlib çatmışdır.

    Dördüncü qapının isə nə adını, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmamışdır. Ola bilsin ki, qala divarları İbrahimxəlil xan tərəfindən yenidən tikilərkən həmin qapı ləğv edilmişdi.

      Şuşa Musiqi məktəbi

    10 oktyabr 1932-ci ildə yaradılan Şuşa Musiqi məktəbi görkəmli Azərbaycan şairəsi Xan qızı Natəvanın evində yerləşmişdir. Bu məktəb həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Musiqi məktəbinin açılması təşəbbüsü məşhur şuşalı xanəndə Bülbülə məxsus olub.

    1992-ci ilin may ayında Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Şuşa Musiqi məktəbi dağıdılmışdır.

      Şuşa Realnı məktəbi

    1881-ci il sentyabrın 20-də Şuşada ilk orta məktəbin- 6 sinifli Realnı məktəbin əsası qoyulmuşdur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi.

    Şuşa Realnı məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Bu məktəbdə dinin qoyduğu qadağalara baxmayaraq, başqa xalqların dillərini öyrənir, digər xalqların ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi.

    Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar.

    1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı məktəbini yandıraraq xarabazara çevirmişlər.

    Şuşa şəhər tarix muzeyi

   Şuşa şəhər tarix muzeyi tarix-diyarşünaslıq profilli idi. Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX-XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII-XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərindən olan tanınmış Azərbaycan ziyalıları, maarifçilər xanəndələr, musiqişünaslar və yazıçılar haqqında maraqlı stendlər, eksponatlar var idi.

   Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbələr, bədii toxuculuq nümunələri saxlanılırdı. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmiş, Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra dağıdılmışdır. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır.

     Üzeyir Hacıbəyovun ev-muzeyi

    Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılmışdır. Ev-muzeyi 1992-ci il Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Muzeyin ekspozisiyasında Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.

    Ü. Hacıbəyovun anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunmuşdur. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəyovun Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdir.

    1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırmışdır. Muzey rəhbərliyinin səyləri nəticəsində muzeyin eksponatlarının işğal olunmasına, düşmən əlinə keçməsinə yol verilməmişdir. Muzeyin eksponatları hazırda Ü. Hacıbəyovun Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır.

    Şuşa qəzası

    Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vil-nin tərkibində yaradılmışdır. (1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846  ildən Bakı, 1867 ildən isə Yelizavetpol qub.-na daxil edilmişdi. Ş.q. Mığri, Kəbirli, Zəngəzur, Cavanşir, Cələbürd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Ş.q.-ndan ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və şəhər polisi idarə edirdi.  Qəzada məhkəmə yaradılmışdı.  Sah. 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.

      Təbiəti

    Səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs d.-dir. (2725 m). Keçəldağ aşırımı Ş.r.-ndadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif nov tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim -isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta tempatur yanvarda - 4-dən -10 C-yə qədər, iyulda 16-190C-dir. İllik yağıntı 700-800 mm . Rayondan Qarqar çayı axır. Torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Ərazinin 20% -ə qədəri meşədir (fıstıq və s.). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə  qırılmış meşəlirin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz dovşan, cüyür və s. Quşlardan kəklik, göyərçin var.

    Təsərrüfat

    Rayonun iqtisadiyyatında heyvəndarlıq əsas yer tutur. 5 s-z var. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha – dır. 3,4 min ha əkin mahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunur. 5,2 min qara- mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunur. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 ¹ - li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t. texnikası təmiri müəssisəsi və s. var. Kurort təsərüfatı inkişaf etmişdir.Yevlax-Naxcıvan avtomobil yolu və qaz kəməri Ş. r.-ndan keçir.

     Yuxarı Gövhərağa məscidi

    Yuxarı Gövhər ağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təxminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhər ağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün eyvan və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti meyarlarındandır. Yuхarı Gövhər ağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhər ağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Onlar əsasən Ağdam Cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılıb. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.

    1969-cu ildən tarix muzeyi kimi istifadə edilən bu məscid 1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra erməni vandalları tərəfindən dağıdılmışdır.

      Ziyarətgahlar

    Həzrət Əli kahası (Nəzir kahası), Həzrət Abbas şəfa ocağı, Saqqaxana və Pirgah pirləri, Seyid Mirfəsih türbəsi, Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı, Çuxur məhəllədə iki minarəli şəfa ocağı, Qasım ağanın ocağı, Seyyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı və Heydər türbəsi.

    Şuşanın məhəllələri

    “Qədim” və “Yeni Şuşa”dan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşamışlar.

    Tarixçi Baharlı şəhərin məhəllələri haqqında "Əhvalati-Qarabağ" adlı əsərində bilgi verir. Müəllif yazır: "Belə ki, əvvəlinci məhəllə yuxarı və məhəllədən Xanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Xanlıq ara deyilir ki, İbrahim хanın imarətinin yanıdır.

    Məhəllələrin adları: İkinci məhəllə Saatlı məhəlləsidir, Üçüncü məhəllə Köçərli məhəlləsidir, Dördüncü məhəllə Mamayı məhəlləsidir, Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir,  Altıncı məhəllə Dəmirçi məhəlləsidir, Yeddinci məhəllə Hamam qabağıdır, Səkkizinci məhəllə Təzə məhəllədir.

    Aşağı məhəllələrin adları: Birinci məhəllə Qurdlar, İkinci məhəllə Seyidli. Üçüncü məhəllə Culfalar, Beşinci məhəllə Çuxur, Altıncı məhəllə Dördlər qurdu, Yeddinci məhəllə Hacı Yusifli, Səkkizinci məhəllə Dörd çinar, Doqquzuncu məhəllə Çöl-qala. Və bu məhəllənin bir adı da "Cuhudlar"dır.

      Tarixçi Mirzə Yusif Şuşa şəhərin məhəllələrini sadalamışdır

    "Mehrili, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusifli, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası".

      Şair və pedaqoq Mirzə Xosrov Şaiq Axundov Şuşa şəhərinin məhəllələrindən bəhs etmişdir:

    "Qarabağ xanı qələnin ətrafına möhkəm hasar çəkdirib, bürclər tikdirmişdi. Şəhərin iki darvazası olmuşdur: biri Gəncə qapısı, ikincisi isə İrəvan qapısı adlanmışdır. Bununla da Qarabağ kəndlərindən xalq şəhərə yığışmağa başladı. Bu qayda üzrə Şuşada 17 məhəllə təşkil olundu: Böyük qurtlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircanlı, Mamayı, Saatlı, Köçərili, Mərdinli, Çöl qala, Hacı Yusifli, Çuxur məhlə, Balaca qurtlar, Ağa dədəli. Bu məhəllələrin adı ilə hazırda Qarabağda bir çox kənd vardır. Şuşa şəhərinin məhəllələri haqqında yazılara çağdaş ədəbi örnəklərdə də rast gəlinir.

      Lətif Qarabağlı doğma şəhərindən danışarkən məhəllələrdən də bəhs etmişdir:

    "Şuşanın gözəlliyi, ab-havasının bəzi xəstəliklərə müalicə əhəmiyyəti, onun məşhur ticarət mərkəzinə çevrilməsi bura köçüb gələn ailələrin sayını artırırdı. Şəhərə sonradan gələnlər qala divarının yaxınlığında məskən salaraq məhəllələrinin adını Çölqala və s. adlandırmışdılar. Beləliklə Şuşada yaranan 17 məhəllənin doqquzu - Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çölqala aşağı məhəllə, qalan səkkiz məhəllə - Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Xocamircanlı isə yuxarı məhəllələr sayılırdı".

    Azərbaycanın digər bölgələri kimi, şəhərdə ən geniş yayılmış din islam idi. Qarabağ müharibəsindən əvvəl şəhərdə Aşağı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi, Seyidli məscidi, Mərdinli məscidi, Quyuluq məscidi və Saatlı məscidi fəaliyyət göstərmişdir.

    Şuşa rayonunun ərazisindən “Qarqar” çayı axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və digər heyvan növləri aidirlər.

 

    Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, wikipedia Qarabağ, erməni vandalizmi və tarix.info internet səhifələrindən istifadə edilmişdir.

 

 

K.Ələkbərli
Baş redaktor
 

 

Bölmə: Şuşa | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 117 | Yüklənilib: 0 | Qiymətləndirmək: 4.6/5
Şərhlər: 0
avatar