"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 22/02/2018, 00:52
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

XOCALIYA ƏDALƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Sədərək

Sədərək rayonu - 15.01.1990
20/06/2017, 15:02

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi

Azərbaycanın işğal olunmuş əraziləri

1990-cı il yanvar ayının 15-də Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi erməni silahlı dəstələri tərəfindən işğal edilib. Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Kərki kənd, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kəndidir.

1990-cı il yanvar ayının 15-də Kərki kəndinin müdafiəçiləri sovet hərbçilərinin təkidli tələbi ilə (“daha sizi ermənilərdən qorumaq imkanımız yoxdur, qalsanız,  hamınızı girov götürəcəklər” deyəndən sonra) axşam saat 6-7 radələrində Kərkini tərk etdilər. Kərki sovet hərbçiləri tərəfindən yerli sakinlərdən alınıb ermənilərə veriləndə (15  yanvar 1990-cı il) hələ nə Qarabağ işğal olunmuşdu, nə Xocalı  faciəsi baş vermişdi, nə Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli,  Qubadlı, Zəngilan  rayonları ermənilərin əlinə keçmişdi, nə də Sədərək üzərinə erməni hücumları olmuşdu. Kərkinin işğalı 20 Yanvar Bakı qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı oldu. Kərkinin işğalı Naxçıvanda, eləcə də Azərbaycanın bir çox yerlərində birmənalı qarşılanmadı. Hətta 1988-ci ildən zillət çəkib kəndi qoruyanlara, son patronlarına qədər vuruşub 1990-cı il yanvarın 15-də kəndi əliyalın tərk edənlərə qara yaxanlar, “torpağı qoruya bilmədiniz” və sair deyənlər də oldu...

"Beynəlxalq İnformasiya" digər saytlardan əldə etdiyi məlumatlara görə, 1990–1993–cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var. Yerlilərin müharibə ilə bağlı anlatdıqları hekayələri dinləyərkən insanın damarlarında qanı donur. Bu günədək düşmən mövqeləri ilə iç–içə yaşayır, üz–üzə çalışırlar.

Kərkinin son süqut günü, 1990-cı il yanvarın 15-dir. Bəzi məqalə və kitablarda bu tarix səhvən 19 yanvar kimi qeyd edilib, əslində isə son müdafiəçilər kəndi 15 yanvarda tərk ediblər. Kərkidə nələr baş vermişdi, kəndin son müdafiəçiləri kimlər idi, onlar hansı şəraitdə vuruşurdular və kənd necə işğal edildi, bundan çoxları xəbərsiz idi. Həmin günün acı tarixini o günün şahidlərinin, son döyüşün iştirakçılarının xatirələri əsasında yazmağa çalışdıq.

Rayonun adının tarixçəsi

Sədərək tarixən bölgənin ən mühüm məntəqələrindən biri kimi özünəməxsus inzibati statuslara malik olmuşdur. E.Kəlbizadənin "Naxçıvanın tarixi-coğrafiyası (XII-XVIII əsrin I yarısı) adlı kitabında qeyd edilir ki, bu ərazi XIII-XIV əsrlərdə Naxçıvan tüməninin tərkibində olmuşdur. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dönəmində isə biz Sədərəyin adının Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkildiyini görürük. Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J.Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuşdur. Şarden yazır: “Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”. Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər. XVIII əsrin əvvəllərində də Naxçıvan tüməni, Maku, Zaruzəbil, Şadili, Dünbülü, Mağzaberd hakimlikləri kimi Sədərək hakimliyi də Çuxursəd bəylərbəyliyinin tabeliyində olmuşdur.

1728-ci ilə aid “İrəvan əyalətinin icmal dəftəri”ndəki məlumatlardan aydın olur ki, bu zaman Sədərək nahiyəsinə 24 yaşayış məntəqəsi daxil idi. Nadir şah Əfşarın dövründə Sədərək Naxçıvan ölkəsinin 11 mahalından biri olmuşdur.

Çoxumuz üçün Sədərəyin rayon kimi tarixi 28 avqust 1990-cı ildən başlayır. Lakin bu yaxınlarda tədqiqata cəlb etdiyimiz bir sənəd sübut edir ki, Sədərəyin rayon kimi tarixi XX əsrin əvvəllərinə, konkret olaraq desək, hələ 1921-ci ilə təsadüf edir. Naxçıvan Dövlət Arxivində mühafizə olunan və surəti AMEA Naxçıvan Bölməsinin elmi arxivində fond 8, siyahı 4, arxiv 5-də saxlanılan “Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi” adlı 16 mart 1921-ci il tarixli sənəddə Naxçıvan ərazisində o zaman üçün 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir ki, bu rayonlardan biri də məhz Sədərəkdir. Qeyd edək ki, sənəd Baş Ştab Akademiyasının dinləyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in fövqəladə komissarına və Naxçıvan SSR-in xalq hərbi komissarına məruzə şəklində hazırlanmışdır. Sənəddə Naxçıvan qəzasının tərkibində Tumbul, Cəhri və Şahbuz rayonlarının, Ordubad qəzasının tərkibində Yaycı, Əbrəqunus və Çənənəb rayonlarının, Şərur rayonunun tərkibində isə Baş Noraşen (Cəlilkənd), Şahtaxtı və Sədərək rayonlarının olduğu göstərilir. Sənəddə verilən məlumatlardan aydın olur ki, o zaman yaradılmış Sədərək rayonu bugünkü Sədərək rayonuna nisbətən daha geniş əraziləri əhatə etmiş və sonralar əsassız olaraq Ermənistan SSR-ə verilmiş bir sıra yaşayış məntəqələri də məhz bu rayonun tərkibinə daxil olmuşdur. Məruzənin “Naxçıvan SSR-in şəhər və kənd­ləri: yerləşdikləri qəza və rayonlar üzrə” adlı hissəsində ozamankı Sədərək rayonunun tərkibində 37 yaşayış məntəqəsinin adı çəkilmişdir ki, bu yaşayış məntəqələri aşağıdakılardır: Sədərək, Kürkənd, Qaraburc, Maxta, Ortulu Təzəkənd, Kərimbəyli, Quşçu-Dəmirli, Saraclu, Volçovarotskiy (Qurd qapısı) qəsəbəsi, Dəvə-Ölən, Cərarlı-Banut, Günnüt-Cəfərli, Kərki, Arazdəyən stansiyası, Karvansaray, Calavan, Kərxmiz, Kiqayu qışlağı, Yanığ, Qaraburun, Yuxarı Başki, Aşağı Başki, Urmiya, İsfahan, Yaycı, Gümbəz, Ovçarı (Əfşarı), Asnı, Səfərəli-din, Smo, Şərqi, Məngi, Sərxan, İraq qışlağı və Düdəngə.

Kərki kənd sakini Abbas Əhmədovun dedikləri:

Kərkinin son günü haqda danışmazdan əvvəl bir neçə kəlmə o vaxta qədər yaranmış gərginlikdən və narahatlıqdan danışmaq istəyirəm. 70-dən artıq ailənin, 350 nəfərə yaxın əhalinin yaşadığı kiçik bir kənddə 1988-1990-cı illərdə nələr çəkmişik, bunu bir Allah bilir, bir də Kərki əhalisi. Düzdür, Sədərəkdən, Şərurdan, hətta Naxçıvan şəhərindən də bir çox qeyrətli oğullar köməyimizə gəlib həftələrlə, aylarla bizə dayaq dursalar da, Sədərəkdən 12 km aralıda, İrəvan-Cermuk yolunun 20-30 metrliyində yerləşən kiçik bir kənddə yaşamaq çox çətin idi. Həmin yoldan gün ərzində keçən ən azı 4-5 yüz erməni maşınının hər birindən  bir kinayəli söz eşidə-eşidə dözürdük Kərki kəndində. 1988-ci ildən isə asfalt yoldan keçən erməni maşınlarından kəndə atəş açılır, əhali səksəkə içində yaşamağa məcbur edilirdi. 1988-ci ilin ortalarından etibarən kənddə ağsaqqalların iştirakı ilə xüsusi məsləhət qrupları yaradılmışdı. İsgəndər Əliyevlə Əziz müəllim işlərə ümumi rəhbərlik etməklə rayon təşkilatları ilə əlaqə saxlayırdılar. Abbas Vəliyevlə İsmayıl Əhmədov kəndin təchizat məsələləri, ərzaq normalarının bölünməsi işlərinə nəzarət edirdilər. Uzun illər kənddə həkim işləyən İslam İsmayılov  erməni təhlükəsi ilə üz-üzə qalan kənddə səhiyyə xidmətini təşkil edir, rayon mərkəzindən təcrid olunmuş kənddə tibbi xidmət göstərirdi. O vaxtlar kənddəki yeməkxanada işləyən Əli Orucovla Əli Əliyevə yalnız sovet hərbçilərinə xidmət göstərmək tapşırılmışdı ki, bəlkə, hərbçilər kəndi ermənilərdən yaxşı qorusunlar... Kərki rayon mərkəzindən təcrid olunmuş vəziyyətdə idi.

1988-ci ildən özümüz kənd əhalisinin dəqiq uçotunu  aparıb əli silah tuta bilən 45 nəfər siyahıya almışdıq. Hər birində 15 nəfər olmaqla kəndin üç yerində post yaratmışdıq. Sədərəkdən, Şərurdan, ümumiyyətlə, Naxçıvanın müxtəlif bölgələrindən gələn könüllülər də daxil olmaqla, Kərkinin 2-3 il bu vəziyyətdə keşiyini çəkdik... Ancaq 1990-cı il yanvarın 15-i bizim doğma torpağı son müdafiə günümüz oldu. 

Yanvarın 15-də səhər saat 4-də güllə səsinə oyandım. Pəncərədən baxanda çoxlu qar yağdığını gördüm. Postdan xəbər tutmaq üçün həyətə çıxmaq istəyirdim ki, “motor damı” deyilən tərəfdən bir güllə açıldı. Bu səsdən sonra asfalt tərəfdən ermənilər həyətimizə yağış kimi güllə yağdırmağa başladılar. Dünən gecəni də postda olub indi bizim evdə  gözünün acısını almaq istəyən Xəlili çağırıb həyətə ermənilər dolduğunu və mühasirədə qaldığımızı bildirdim. Səhər saat 8-ə qədər evdən çıxmağımız mümkün olmadı. Evimiz dərədə olduğundan sağ sahildəki asfaltdan ermənilər, sol sahildən isə bizimkilər atdığından güllə yağışı altında qalmışdıq. Səhər saat 8-ə qədər evin daldasından həyətə dolmaqda olan erməniləri atəşə tutsaq da, həyətdən çıxara bilmirdik. Ancaq motor damı tərəfdən Rzanın beşaçılanının aramsız atəşləri ermənilərin diqqətini yayındıra bildi və biz çətinliklə həyətdən çıxa bildik. Saat 12-yə yaxın kəndi ermənilərdən təmizlədik.

Kərki kənd sakini Rza Cabbarovun dedikləri:

Yanvarın 14-dən 15-nə keçən gecə mən əsas post sayılan motor damında növbədə idim. Telefon xətti ermənilər tərəfindən kəsildiyindən bir neçə gün əvvəl Şərur Rayon Rabitə Şöbəsində işləyən kəndçimiz Samilin köməyi ilə qərargahda hava telefonu quraşdırılmışdı. Axşamüstü zəng vurub soruşdular ki, Ermənistan tərəfdən Cermuk yolu ilə gedən kalondan nə məlumatınız var? Bizdə heç bir məlumat olmasa da, kəndin ən uca yerində yerləşən ehtiyat növbətçilərin vasitəsilə həmin kalonda gedən maşınları sayırdıq. 115 erməni maşını keçdi. Bu, bizi şübhələndirdiyi üçün axşam postlara ayıq olmaq üçün xüsusi tapşırıqlar verdik və səhər saat 4 radələrində 2-3 min erməni kəndi mühasirəyə alanda bildik ki, yuxarıya gedən maşınlar gecə Kərkiyə hücum etmək üçün yığışırmış...

Mənimlə birlikdə həmin gecə motor damında Abbas Əhmədov, Elşad Məmmədov, Elxan Abbasov və Xəlil Xəlilov da növbədə idi. Gecə saat üçə qədər sakitlik olduğu və Xəlil çox yuxusuz olduğu üçün mən Abbasla Xəlili məcbur etdim ki, gedib Abbasgildə 1-2 saat dincəlsinlər. Onlar təzəcə getmişdilər ki, ermənilərin hücumu başlandı və biz həmin postda cəmi 3-4 nəfər olsaq da, səhərə qədər tez-tez yerimizi 2-3 metr dəyişib müxtəlif istiqamətlərdən atəş açmaqla həm ermənilərin kəndə girməsinin qarşısını aldıq, həm də Abbasla Xəlilin dərədəki evdən çıxmalarına kömək edə bildik. Kərkinin son müdafiə günündə Ağoşun düzəltdiyi topdan istifadə edirdik və bəlkə də, ermənilərə qarşı Naxçıvanda ilk top atəşini Ağoş açdı.

Kərki kənd sakini Ağoşun dedikləri:

1960-cı illərin sonlarında ermənilər Kərki dağlarında kinofilm çəkirdilər. Filmin çəkilişi başa çatandan sonra çəkiliş yerlərində ermənilərin atıb getdikləri, üstündə ay-ulduz olan türk bayraqlarının, türk geyimlərinin nişanələrini tapandan sonra bizə aydın oldu ki, ermənilər türklərin “zavallı erməniləri” “qırmasına” aid saxta film çəkirmişlər... Həmin filmin çəkiliş meydanında bir də qırıq-salxaq türk topu qalmışdı... Mən böyük maraqla kənd cavanlarını yığıb həmin top lüləsini çəkib həyətimizə gətirdim. Elə bil nə vaxtsa gərəyimiz olacağı ürəyimə dammışdı. Buna görə də mən bir neçə il o topun üstündə işləyib bildiyim şəkildə onu sazladım. Zülmət gecələrdə (dünyanın düz vaxtı olsa da...) o topu bir neçə dəfə atıb sınaqdan da keçirdik... İllərlə çəkdiyimiz zəhmət 1990-cı il yanvarın 15-də, ağır günümüzdə dadımıza çatdı.

Sübh tezdən 2-3 min silahlı erməni kəndi bir neçə tərəfdən mühasirəyə almışdı. Şırran körpüsü, O tay, Köhnə Kərki və Sənəm zağası tərəfdən kəndə tərəf irəliləyən ermənilər Kərkini  üzük qaşı kimi mühasirəyə almışdılar. Vəziyyət getdikcə çətinləşirdi. Aramsız atdığımız tüfənglər çox qızdığından onları qarda soyuda-soyuda atsaq da, patronumuz da tükənmək üzrə idi. Kənddə atışma səsindən qulaq tutulurdu. Şırran körpüsü tərəfdən kəndə dolan ermənilər kəndi yandırmağa başladılar. İlk yandırılan Nadirin evi və yeməkxana oldu. Vəlinin, Zeynalın evlərinə, Manafın tayasına da od vurdular. Kəndi bürüyən qara tüstünün vahiməsi içində könüllü döyüşçülərin hamısı nisbətən ucada yerləşən bizim həyətə toplaşırdı. Ermənilər isə aşağıda asfaltın üstündə toplaşıb şadyanalıq edirdilər.  Belə bir vaxtda topun lüləsini aşağıya – ermənilərin komasına tuşlayıb yerə bağlanmış zəncirləri bərkidəndən sonra ilk atəşi açdıq.  Elə ilk atəşdən pərən-pərənə düşən ermənilər haray-qışqırıqla qaçmağa başlayanda ehtiyat saxladığımız 7 mərminin hamısını atdıq. Yaralıları və meyitləri yük maşınları ilə yola salan ermənilər  bir neçə saat susdular: Kərkidən top atəşinin açılması onları çaşbaş salmışdı.

Haşiyə

Ağoşun top atəşindən sonra ermənilər susmuşdu, Kərkinin müdafiəçiləri də “atəşkəs”dən istifadə edib hamısı bir yerə, məktəbin binasına toplaşıb vəziyyətdən çıxış yolu axtarırdılar. Sübh tezdən onları narahat edən Nadirin girov götürülməsi, yaxud öldürülməsi xəbəri də yalan olduğundan bir qədər sevinirdilər. Uşaqlardan biri imkan tapıb Nadirgilin həyətinə girmiş və qar üstündə evdən çıxan bir izin gecə qadınları Şurut-Cəhənnəmdərə yolu ilə Sədərəyə endirən Həsən Kazımovun və oğlu Vaqifin həyətinə tərəf getdiyini görüb arxayınlaşmışdılar. Deməli, Nadir də həmin günə qədər Kərkidə qalan 75 yaşlı Nazlı Bağırovanı, 50-52 yaşlı Xavər Həsənovanı, Sona Məmmədovanı səhərə yaxın qarlı dağ yolları ilə piyada Sədərəyə aparan Həsən Kazımova, Mahir İsmayılova, Şahin Kazımova və həyat yoldaşı Xavəri, oğlu Çingizi, 7 yaşlı qızı Fəxrəntacı aparan Vaqifə qoşulub onların Sədərəyə çatdırılmasına kömək etmişdi...

Sübhdən başlayan döyüşlər zamanı başından yaralanan Bəxtiyarın da yarasının ağır və qorxulu olmaması döyüşçüləri sevindirirdi... Ancaq axşam düşür, yenə kənddə tək-tək atəş səsləri eşidilirdi. Rus  hərbçiləri top atəşlərindən sonra xeyli narahat olmuş və Kərkinin müdafiəçilərini çağırıb son sözlərini demişdilər: “Daha bizim cəmi 2 patronumuz qalıb. Ermənilər sizi girov götürsələr, kömək edə bilməyəcəyik. Bu gecə baş verəcək hadisələrə biz cavabdeh deyilik...” Artıq tam mühasirə vəziyyətində olan Kərkidə 15-20 nəfərin davam gətirməsi mümkün deyildi. Kənddən çıxmağa isə yeganə yol Şurut  yolu ola bilərdi. Ancaq  bu dərədə də ermənilərin olub-olmaması şübhəli idi... Bu dərəyə yeganə ümid yolu kimi baxanlardan kimsə həmin dərədən bir nəfərin, arxasınca da 2-3 nəfərin çıxıb gəldiyini görəndə həyəcanını gizlədə bilmədi və ucadan qışqıraraq: – Şurut yolu açıqdır, Yavər gəlir, – dedi...

Kərki kənd sakini Yavər Ələkbərovun dedikləri:

Həmin gecə Sədərəkdə idim. Kərkiyə ermənilərin hücum etdiyini eşidəndə gedib sədərəkli qohumum Əli Səfərovun tüfəngini aldım. Sədərəkdən də bir neçə nəfər – Məhərrəm Bağırov, Məmməd Cəfərov, Xudu Orucov, Mikayıl Həsənov da mənə qoşuldu. Bəhmanın maşını ilə Qaraağacın yaxınlığına qədər gəlib “camışçılıq” deyilən fermaya çatdıq. Orda vəziyyəti bilən çox adam toplaşmışdı. Bizim Kərkiyə getməyimizin mümkün olmadığını desələr də, biz inadımızdan dönmədik. Kəsə dağ yolu ilə gedib axşamüstü Kərkiyə çatdıq. Həmin gün döyüşlərdə iştirak etməsək də, bizim getdiyimiz yolun açıq olduğunu bilən Kərkinin son döyüşçüləri həmin yolla Sədərəyə enə bildilər.

Son söz əvəzi

1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən saat 18-19-a qədər Kərki kəndində şiddətli döyüşlər getdi. Həmin gecə növbədə olan Elxan Abbasov motor damındakı hava telefonu ilə güllə yağışı altında yerə uzanmış vəziyyətdə gümanı gələn yerlərə xəbər versə də, kömək gəlməsi mümkün olmadı. 20-30 nəfər Kərki sakini 2-3 nəfər Şərur Rayon Polis Şöbəsinin əməkdaşı ilə birlikdə 2-3 min silahlı erməniyə qarşı vuruşsa da, qüvvələrin qeyri-bərabər olması onların davam gətirməsinə imkan vermədi və axşamüstü onlar bir neçə saatlıq fasilədən sonra yenə başlanan güllə yağışı altında Ədalətin həyətindən iki-iki, üç-üç Şurut tərəfə keçib Şurut dərəsindən Sədərəyə enən qarlı dağ yolu ilə kəndi tərk etdilər.

Kərki kəndi ermənilər tərəfindən işğal olundu... Kərkük yadigarı olan qədim yurd, hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim oğuz yurdu beləcə ermənilərin əlinə keçdi...

İşğal olunan digər Zəngəzur, Göyçə, Basarkeçər, Vedibasar mahalları kimi; Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl rayonları kimi...

Qeyd edək ki, bu kəndlərdən Kürkənd, Qaraburc, Maxta, Kərimbəyli, Düdəngə kəndləri bu gün Şərur rayonunun tərkibindədir. Ovçarı (Əfşarı), Ortulu-Təzəkənd, Arazdəyən stansiyasının isə Ermənistan Respublikası ərazisində olduğunu müəyyənləşdirə bildik. Rayonun yaşayış məntəqələrindən biri kimi qeyd edilmiş Günnüt-Cəfərli toponiminin birinci hissəsi Günnüt bu gün də rayon ərazisində qalmaqdadır. Sədərək rayonu ərazisində bu gün də yaşamaqda olan Günnüt (Küngüt) toponimi, ehtimal ki, monqolların tərkibində Azərbaycana gəlmiş konqorat tayfalarının adı ilə bağlıdır. Qeyd edək ki, bu toponimin monqol mənşəli olması fikrini A.Axundov və A.Bağırov da təsdiqləmişlər. A.Axundov küngüt sözünü monqol və monqolların tərkibində Azərbaycana gələn küngüt türkdilli tayfa adı ilə əlaqələndirmişdir. Sədərək rayonu ərazisində maraq doğuran yer adlarından biri də “Karvansaray” yer adı olmuşdur. Araşdırmalarımız zamanı müəyyən etdik ki, bu ərazi indiki Sədərək kəndinin cənubunda yerləşmişdir. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev İpək Yolu üzərindəki Naxçıvan karvansaraylarından bəhs edərkən Sədərək kəndinin cənubunda bir karvansarayın olduğunu və hətta bu karvansarayın XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərdiyini qeyd etmişdir. Bütün bunlar göstərir ki, 1990-cı ilin avqustunda Şərur rayonunun bir neçə kəndi hesabına yaradılmış rayonun məhz Sədərək adlandırılması və ayrıca rayon kimi təşkili heç də təsadüfi olmayıb, tarixi ənənələrə dayanmaqdadır. Bu tarixin mükəmməl bilicisi və Sədərəyin yenidən rayon kimi formalaşmasının memarı isə ulu öndər Heydər Əliyev olmuşdur.

Ümummilli lider Heydər Əliyev 14 avqust 2002-ci il tarixdə Sədərək rayonunun sakinləri ilə görüşdəki çıxışında demişdir: “Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı... Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim”. Sədərək rayonu bu gün öz inkişafının yeni mərhələsindədir. Son illər rayonda aparılan quruculuq işləri bu bölgəni xeyli gözəlləşdirib. Sədərək indi öz inkişafı ilə düşmənə gözdağına çevrilib.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb. Hal-hazırda Kərki kəndi erməni silahlı dəstələri tərəfindən işğal altındadı.

 

Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, Tarix üzrə fəlsəfə doktoru dosent Vaqif Məmmədovun yazısından və Şərq qapısı, wikipedia Qarabağ internet səhifələrindən istifadə edilmişdir.

 

K.Ələkbərli
Baş redaktor

 

Bölmə: Sədərək | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 25 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0